Utopik fikirlər və SZ birgəliyi?| Paranoid şizofren xəstələrin davranışlarını alqoritmlər əsasında analiz etmək? - II YAZI

  Utopik fikirlər və SZ birgəliyi?|  Paranoid şizofren xəstələrin davranışlarını alqoritmlər əsasında analiz etmək? -  II YAZI
1161     14:56     16 07 2021    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Onların bir çoxu düşünürdü ki, müəyyən data analizi zamanı istifadə olunan bir çox düsturun və proqnozlaşdırma standarlarının həmin texnologiyalara inteqrasiya edilməsi onların da bir analitik rolunda çıxış etməsinə zəmin yaradacaq. Lakin burada bir məsələnin altından xüsusilə xətt çəkməliyik ki, bu da bu analizlərin şüurlu şəkildə deyil, şüursuz şəkildə həyata keçirilməsi reallığıdır. Yəni bu analizi həyata keçirəcək mövcud texnologiya əslində nəyi etdiyini bilməkdən uzaqdır və o sadəcə proqramlaşdırıldığı əsasla fəaliyyət göstərir.


Başqa sözlə, bu, bir azyaşlı uşağın məktəbdə soruşulan 2*2 sualının praktiki əhəmiyyətini anlamadan cavab olaraq “dörd” sözünü səsləndirməsindən, yaxud bənzər aktın bir kalkulyator tərəfindən həyata keçirilməsindən qətiyyən fərqlənmir. Eynilə üzərində nəzəriyyələrin və düsturların dizayn edildiyi bu texnologiya da eyni sistemlə çalışacaqdı. Şüursuz zəkanın başlıca mənfi cəhəti də məhz əslində ən qəliz dataları belə analiz etməsinə baxmayaraq, onun yenə də tətbiq edilən alqoritmlərin ona qazandırdığı çərçivələri aşa bilməməsidir. Yəni yuxarıdakı nümunədə hava proqnozu və relyeflərlə bağlı dataları verməyimizə baxmayaraq yerdə qalan bütün potensial təsiredici faktorları sabit (ceteris paribus) saxladıq. Bu isə özlüyündə daha sonra ortaya çıxacaq hər hansısa kiçik təsirə sahib qeyri bir faktorun kəpənək effekti kimi ciddi fərqlərə yol açmasına səbəb olur. Lakin qeyd etməliyik ki, bu yetərsizliklərə baxmayaraq orta əsrlərdən, hətta antik dövrlərdən bu yana məntiqi əsaslandırma ilə bağlı ciddi inkişaf yolu keçilib və bu da hazırkı texnologiyaların ortaya çıxmasına səbəb olub. Əlbəttə ki, bu məqamda həmyerlimiz dahi Lütfi Zadəni də yaddan çıxarmaq olmaz. Bir çoxları onun formal mühakimə sahəsində və “ceteris paribus” halının ortaya çıxardığı problemlərin həllində olduqca ciddi töhfələr verdiyini yekdilliklə səsləndirirlər.

Türinq testi

Süni zəkanın tarixində əhəmiyyətli addımlardan biri də irəli sürülən süni zəka layihələrinin uyğunluğunu ölçmək məqsədilə təkmilləşdirilən Türinq testidir. Bu test öz-özlüyündə hər hansısa bir elektron hesablama maşınına (robota) zəkalı deyilib-deyilməməsi üçün tələb olunan standartların ölçülmə prinsiplərini özündə ehtiva edir. Belə ki, testin əsasını bir insanın (A) eyni anda kompüter (B) və insan (C) olmaqla 2 fərqli partnyorla elektron formatda müzakirə aparması və onun aparılan söhbətlərdən sonra partnyorlarından hansının insan, hansının texnologiya olduğunu müəyyənləşdirməsi təşkil edir.


Türinqin fikrincə, əgər “A” şəxsi müzakirə apardığı partnyorlardan hansının insan, hansının kompüter olduğunu müəyyənləşdirə bilmirsə, onda bu nəticə bizə söhbətdə iştirak edən texnologiyanın da insan qədər şüurlu olduğunu deməyə imkan verir.

Eliza və Parry

Türinqin təkmilləşdirdiyi bu testdən ilhamlanan bir sıra alimlər testi uğurla keçməyə alqoritmləndirilmiş bir sıra proqramlar hazırlayaraq əslində türinq testinin heç də qüsursuz olmadığının ilk siqnallarını verdilər. Belə ki, bunlardan ilki 1966-cı ildə alman əsilli ABŞ professoru Yozef Veyzenbahum tərəfindən hazırlanan ELIZA adlı proqram idi. Bu proqram tam olaraq sözügedən test üçün dizayn edildiyindən sadəcə olaraq “Chatbot” (onlayn söhbət robotu) məqsədlər üçün istifadəyə yararlı idi.

Daha sonra 1972-ci ildə başqa bir ABŞ professoru psixiatr Kennet Kolbi PARRY (ELIZA-nın daha da təkmilləşdirilmiş versiyası) adını verdiyi kompüter elmlərinin və süni zəkanın psixiatriya sahəsinə tətbiq edildiyi nəzəriyyəni və onun uyğun kompüter proqramını hazırlamışdı. Proqramın hazırlanmasının təməlində yatan ideyanın başlıca prinsipi ondan ibarət idi ki, PARRY paranoid şizofren xəstələrin davranışlarını alqoritmlər əsasında analiz edərək ona bənzər model hazırlamalı və tətbiq etməli idi. Daha sonra təcrübəli psixiatr heyəti xəstənin və kompüterin türinq testi zamanı ortaya qoyduğu performansı analiz edərək nəticələrdən ibarət transkripti başqa psixiatr qrupuna ötürməli və bu qrupun tərkibindəki professorlar da öz-özlüyündə təqdim edilən transkriptlərdən hansının xəstənin, hansının PARRY-nin nəticəsi olduğunu müəyyənləşdirməli idi. Əlbəttə, heç bir əsaslandırma olmadan ortaya atılacaq təxminlərin gerçək olma ehtimalının testdə iştirak edən xəstələrin və robotların sayının bərabər olduğunu nəzərə alaraq, 50 faiz olduğunu deyə bilərik. Maraqlısı budur ki, testlərdən alınan cavablar da orta hesabla 48 faizdir ki, bu da təbii ehtimala çox yaxındır. Bir sözlə, hər iki proqram testi uğurla keçsə də, onların hər ikisinin iddia olunanın əksinə şüurlu zəka sahibi olmadıqları da aydındır. Məhz bu baxımdan Türinq testinin şüurlu zəkanı ölçməkdə yetərsiz olduğu aydınlaşır.


Türinq özü bu testi formalaşdırdıqda 21-ci əsrin ilk illəri etibarilə azı 100 mb həcmə sahib yaddaşla təchiz edilən texnologiyaların ixtira ediləcəyini və bu texnologiyanın orta hesabla 30 faiz insanı testdə məğlub edəcəyini təxmin edirdi. Əsas etibarilə, hazırda bundan da daha geniş yaddaşa sahib texnologiyalar mövcuddur və ilk dəfə olaraq 2009-2012-ci illərdə təkmilləşdirilən söhbət botu 100 faizlik nəticə ilə testdə iştirak edən bütün insanların şübhə içində qalmasına səbəb oldu. Lakin burada da yenə toxunmalı olduğumuz şüurlu və şüursuz zəka faktoru ortaya çıxır. Belə ki, yuxarıdakı nümunədə testdən maksimum nəticə ilə keçməyi bacaran texnologiyanın bu uğura görə yaddaş faktoruna borclu olduğunu deyə bilərik ki, yaddaş da analitik mühakimənin, başqa sözlə, şüurlu zəkanın özü yox, bu prosessin həyata keçirilməsində vasitədir.

Kompüter Elmləri

İlk mexaniki hesablama maşınlarının antik dövrlərdə ortaya çıxmasına və tarix boyunca filosof Leyibniz də daxil olmaqla müxtəlif riyaziyyatçılar tərəfindən təkmilləşdirilməsinə baxmayaraq, bu sahə ilə bağlı inqilabi işlərin son dövrlərdə aparıldığını demək mümkündür. Belə ki, antik dövrlərdə sözügedən hesablama maşınları hazırkı dövr üçün fundamentalın belə aşağısında qəbul edilən standart cihazlar olmaqla yanaşı, mexaniki idarə üsuluna əsaslanırdı.


19-cu əsrdə ingilis alimi Çarlz Bebbic tərəfindən heç vaxt həyata keçirilməməsinə baxmayaraq, dizayn edilən proqramlaşdırılabilən kompüter bu sahədə daha bir önəmli addım kimi qəbul edilir. Çünki onun dizayn etdiyi sözügedən qurğu istehsal edilməsə də, sonrakı dövrlərdə isehsal edilən bir çox elektron hesablama maşınlarının dizayn işlərində birbaşa olaraq Bebbicin proqramlaşdırılabilən kompüterinin dizaynından müəyyən qədər istifadə olunub. İlk müasir kompüterlərə gəldikdə isə, onlar İkinci Dünya müharibəsinin mürəkkəb kodqıran maşınları (Z3, ENIAC, Colossus) oldu. Bunlardan ENIAC və “Colossus” Alan Türinqin ortaya atdığı nəzəriyyələrə əsaslanır və o, macar riyaziyyatçı Con van Neymann tərəfindən təkmilləşdirilib.

Süni zəka texnologiyaları dövrü

Yuxarıda qeyd etdik ki, süni zəka bir anlayış olaraq ən qədim dövrlərdən ortaya çıxsa da, onun bir akademik intizam, bir elm sahəsi kimi formalaşması 1956-cı ildə Almaniyanın Dartmus universietində baş verdi. Daha sonra oraya başa çəkən bir sıra elm adamları sonrakı bir neçə on ilin süni zəka üzrə qlobal liderlərinə çevrildilər. Onların çoxu insandakı kimi funksional zəka ilə təchiz edilən maşının istehsalını mümkün hesab edir, hətta onun formalaşdırılmasının bir nəsildən çox çəkməyəcəyini düşünürdülər. Bu iddialı mövqe sayəsində milyonlarla dollar investisiya əldə edən bir sıra elm adamları öz elmi araşdırmalarının maliyyələşdirilməsi üçün geniş imkanlar əldə etdilər. Düzü buna qədər də süni zəka sahəsində zəif tempdə olsa da, müəyyən aktiv addımlar atılmışdı. Bunlardan diqqəti ən çox cəlb edəni 1940-cı illərdə mücərrəd riyazi mühakimənin mövcudluğuna əsaslanan proqramlaşdırılabilən rəqəmsal kompüterlərin ixtirası qəbul edilir. Bu cihaz və onun arxasındakı fikirlər elektron beyin formalaşdırılması üçün bir neçə elm adamına ciddi ilham qaynağı oldu. Bütün bunlar formullar dövrünün ən ciddi nailiyyətlərindən olduğu kimi, hazırda da süni zəkanın praktiki tətbiqi mərhələsinə ciddi töhfələr verməyə davam edir. Lakin süni zəkanın bir elm sahəsi kimi qəbul edilməsi və ona külli miqdarda investisiyaların yönləndirilməsi özü ilə bərabər ciddi nailiyyətləri də doğurdu.


Çox keçmədən aydın oldu ki, əslində elm dünyası süni zəkanın kompüter təchizat məhdudiyyətlərindən dolayı ortaya çıxan çətinliklərini olduğundan aşağı qiymətləndirib. Əldə olunan nailiyyətlərin bir müddət sonra səngiməsi fonunda 1973-cü ildə britaniyalı riyaziyyatçı Ceyms Laytillin tənqidlərinə və ABŞ Konqresinin etirazlarına cavab olaraq, ABŞ və Britaniya hökumətləri süni zəkanın maliyyələşdirilməsi üçün ayrılan invesitisiyaları dayandırdı. Bu addımdan sonrakı mərhələdə sektor üçün yaşanan ağrılı illər daha sonra elm aləminin leksikosuna “süni zəka qışı” olaraq daxil oldu.

Lakin süni zəkanın əhəmiyyətindən dolayı bu dövr uzun müddət davam edə bilməzdi. Nəticədə bu mərhələyə son qoyan Yaponiya hökuməti oldu. Belə ki, 7 il sonra Yaponiya tərəfindən atılan addımın trendə çevrilməsi nəticəsində əldə edilən milyardlarla dollar invesitisiya sayəsində hökumətlərin və sənayenin qarşısında süni zəka təkmilləşdirmək imkanı ortaya çıxdı. Lakin 80-ci illərin sonlarından etibarən kompüter təchizatındakı yetərsizlik növbəti dəfə böhrana gətirib çıxardı. Belə ki, bu dəfə də özəl sektorun nəhəng invesitisiya mərkəzləri layihələrin maliyyələşdirilməsini dayandırdı.

Süni zəka üzərində investisiya və maraqlar nəhayət 21-ci əsrin əvvəllərindən etibarən güclü kompüter təchizatının mövcudluğu nəticəsində akademik və sənaye sahələrində maşın öyrənilməsinin bir çox problemə uğurlu şəkildə tətbiqindən sonra özünün bum dövrünə qədəm qoydu. Öncəki “Süni zəka yayı” dövründəki kimi süni zəka ilə bağlı yenidən bir sıra müsbət fikirlər ortaya çıxmağa başladı. Hətta bu sahədə araşdırmalar aparan bəziləri intellektual bacarıqlara sahib maşınların insanın sahib olduğu analoji keyfiyyətləri üstələyəcəyini iddia etdilər.

Kibernetika və ilkin neyro-şəbəkələr


Əslində süni zəka mövzusundan danışıqda kibernetika və neyro-biologiyanın bu sahəyə inteqrasiyası mütləq xatırlanmalıdır. Çünki ötən yazımızda da qeyd etdiyimiz kimi hazırda şüursuz zəka bir çox sahələrdə özünün effektiv tətbiqini göstərib və bu mənada onun davamlı inkişfı ilə bağlı stabillik strategiyası formalaşdırılıb. Hazırkı dövrdə isə artıq süni zəkaya yatırılan investisiyaların əsas hissəsi neyro-şəbəkələr və kibernetikanın birgə inkişafı və onların hər hansısa bir texnologiyaya paralel inteqrasiyası nəticəsində şüurlu süni zəka nümunələrinin ərsəyə gətirilməsinə yönləndirilir. Bu baxımdan əlbəttə ki, yenə də ABŞ (Xüsusilə Silikon Vadisində hər il müxtəlif sənaye sahələrindən yüzlərlə şirkət, eyni zamanda birbaşa dövlət büdcəsindən maliyyələşən dövlət qurumları bu sahəyə on milyardlarla dollar xərcləyirlər), Yaponiya, Çin, Böyük Britaniya, Hindistan və s. nəhəng dövlətlərdə ciddi işlərin həyata keçirildiyini deyə bilərik.

Təəssüf ki, ölkəmizdə müstəqillik illərində bu sahədə fəaliyyət və aktivlik göstrən hər hansısa bir şirkət nəzərə çarpmayıb, lakin son dövrlərdə süni zəkanın müxtəlif qollarının ölkəmizdə müəyyən qədər daha çox diqqət cəlb etdiyini deyə bilərik.
Strategyvision.org

Teq: SZ   Texnologiya   Türinq-testi  


Oxşar məqalələr
Son əlavə olunanlar